`Azərbaycanla əməkdaşlığa maraqlıyıq` - Koreya nümayəndə heyəti


15:56     08 Noyabr 2017 1.jpeg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Koreya nümayəndə heyəti ilə görüş olub.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, səfərdə məqsəd “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsinin müzakirə edilməsidir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə əldə olunan nailiyyətlər, eləcə də əmək bazarında mövcud olan inkişaf meylləri, əmək resurslarının məşğulluğunun təminatı, aktiv əmək bazarı proqramlarının icrası sahəsində aparılan işləri diqqətə çatdırıb. Nazir müavini nümayəndə heyətinə sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin dolğun təminatına nail olunması üçün icra olunan mühüm sosial proqramlar və ölkəmizin sosial müdafiə sistemi barədə ətraflı məlumat verib: “Geniş əhatəliliyə malik olan bu sistem vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 450,9 min nəfər sosial müavinət, 97,2 min ailənin 400,4 min nəfər üzvü ünvanlı sosial yardımla təmin olunur. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 59,3 min nəfər şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilir, 16,3 min nəfərdən çox insana isə stasionar və səyyar formada sosial xidmətlər göstərilir”.

İ.İsayev bildirib ki, son illərdə aparılan sistem xarakterli islahatlar əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar üzərində olmaqla müasir tələblərə uyğun qurulmasında, onun səmərəliliyinin artırılmasında, müvafiq sahədə dövlət xidmətlərindən istifadədə şəffaflığın və bu xidmətlərin aidiyyəti əhali qruplarına əlçatanlığının təmin olunmasında mühüm rol oynayıb. Əmək və sosial müdafiə sahələrində qurulan və beynəlxalq səviyyədə də yüksək dəyərləndirilən avtomatlaşdırılmış sistemlər bu sahələr üzrə 30-a qədər elektron xidmətin əhalinin istifadəsinə verilməsinə səbəb olub: “İslahatlar nəticəsində eyni zamanda Azərbaycanda beynəlxalq standartlara cavab verən, hər kəsin sistemdə iştirakına, yəni ödəmiş olduğu sığorta haqlarına uyğun pensiya təminatını nəzərdə tutan müasir sığorta-pensiya sistemi formalaşdırılıb. Cari ildə tam sığorta əsaslı pensiya təminatına keçidə əsas verən növbəti islahat tədbiri işləyən əhalinin bu sistemdə iştirak səviyyəsinin daha da artırılmasını stimullaşdırıb. Bu da bir tərəfdən sığorta-pensiya sisteminin uzunmüddətli inkişafına, digər tərəfdən vətəndaşların layiqli pensiya təminatı imkanlarına yiyələnmələrinə şərait yaradıb”.

Nazir müavini ölkəmizdə müvafiq sahələrdə aparılan islahatlarda ayrı-ayrı ölkələrlə, o cümlədən Koreya ilə də əməkdaşlığa xüsusi önəm verildiyini, imzalanması nəzərdə tutulan yeni Sazişin buna imkan yaradacağını vurğulayıb.

Koreya nümayəndə heyətinin üzvləri Azərbaycanla bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın qurulması və inkişafına böyük önəm verdiklərini, ölkəmizdə bu sahədə aparılan islahatlarla bağlı təcrübə mübadilələrinin aparılmasında maraqlı olduqlarını bildiriblər.

Görüşdə Azərbaycanın və Koreyanın sığorta-pensiya sistemlərinə dair qarşılıqlı təqdimatlar edilib, verilən məlumatlar əsasında müzakirələr aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 781